News

“Nefrologiya və Hemodializ Məktəbi” adlı elmi-praktik konqres!

TƏBİB, Azərbaycan Nefroloqlar Cəmiyyəti, Yeni Klinika və TƏBİB Akademiyasının təşkilatçılığı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) əməkdaşlığı, “Uptodate in Medicine” təşkilatının texniki dəstəyi ilə Yeni Klinikada “Nefrologiya və Hemodializ Məktəbi” adlı elmi-praktik konqres keçirilib.
Konqresin əsas məqsədi ölkədə nefrologiya və hemodializ sahəsində çalışan həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, gənc həkim və rezidentlər üçün təcrübə paylaşımına imkan yaradılması, eləcə də tibbi cəmiyyətlər daxilində əməkdaşlığın gücləndirilməsidir.
Tədbirdə TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Yeni Klinikanın direktoru Barat Yusubov, Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri Elnur Fərəcov, eyni zamanda Türkiyədən dəvət olunmuş professor və ölkənin müxtəlif bölgələrindən qatılan 150-dən artıq tibb mütəxəssisi iştirak edib.
T.Mirzəbəyli çıxışında nefrologiya, hemodializ sahəsindəki inkişaf və yeniliklərin həkimlər tərəfindən mənimsənilməsinin, eləcə də regionlardan gələn mütəxəssislərin bir araya gələrək təcrübə paylaşımlarının ölkə səhiyyəsinin gələcəyi üçün son dərəcə vacib olduğunu bildirib.
B.Yusubov tibb elminə və peşəkar inkişafa yönəlmiş bu cür tədbirlərə ev sahibliyi etməyin böyük şərəf olduğunu və bu konqresin yalnız elmi bilik mübadiləsi platforması deyil, eyni zamanda gələcək əməkdaşlıqlar üçün möhkəm zəmin yaradacağını qeyd edib.
Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri Elnur Fərəcov isə bildirib ki, cəmiyyətin əsas məqsədi ölkədə bu sahədə çalışan həkimlərin bilik və bacarıqlarını müasir elmi yanaşmalar əsasında artırmaq, həmçinin həkimlər arasında həmrəyliyi və təcrübə mübadiləsini təşviq etməkdir.
İki gün davam edən konqres çərçivəsində nefrologiya və hemodializ sahəsində aktual elmi mövzular üzrə təqdimatlar, klinik halların müzakirələri və interaktiv sessiyalar keçirilib. Müxtəlif tibb müəssisələrindən qatılan həkim və tibb mütəxəssislərinin iştirakı ilə keçirilən tədbir, müasir tibbi təcrübənin tətbiqi və sahəvi inkişaf baxımından önəmli platforma rolunu oynayıb.