Xəbərlər

Doğuşdan sonra yaranan ağrısız tiroidit

Qadınlarda doğuşdan sonra ilk bir il içində yaranan tiroid (qalxanabənzər vəz) iltihabı -postpartum tiroidit adlanır. Özünü 1-2 ay keçib gedən hipertiroid şikayətləri ilə:

- Ağlağanlıq, tərləmə
- Arıqlama, ürəkdöyüntülərin tezləşməsi və s. kimi şikayətlərlə özünü biruzə verir. Sonra 4-6 ay keçib gedən hipotiroid (qalxanabənzər vəz yetməzliyi) şikayətləri ilə 
- Halsızlıq, qəbizlik
- Çəkinin artması, yuxululuq
- Unutqanlıq, üzdə, əllərdə şişkinlik və s. şikayətlər doğumdan sonra qadınları narahat etməyə başlayır. Doğuşdan sonra 1 ilin tamamında 80% hallarda hormonlar normala dönərək şikayətlərin tam itməsi ilə nəticələnir. 20 % qadınlarda isə bu qalıcı və müalicə tələb edən formada qala bilər.

Hansı qadınlar risk qrupuna aid edilir:
- Tip 1 şəkərli diabeti olan qadınlar
- Anti TPO yüksək olanlar
- Hamiləlik zamanı düşüklərin olması
- İrsiyyətdə tiroiditlərin olması və s.
- Öncəki hamiləlikdə doğuşdan sonra tiroiditi olanlar

Bu risk qrupunda olan bütün qadınlara, əsasən də şəkərli diabeti və Anti TPO yüksək olanlara doğuşdan sonra 3-cü və 6 -cı ayda TSH dəyərləndirilməyi məsləhət görülür. Əgər TSH normadan artıqdırsa və qadın sonradan hamiləlik planlayırsa mütləq əvəzedici hormonal müalicəyə başlanmalıdır.

Dr. Nadirə Ağazadə - Endokrinoloq